İnsan mükəmməl bir sümük quruluşuna və qüsursuz skeletə malikdir. Əvvəl də qeyd etdiyimiz kimi, o, belə bir quruluş sayəsində rahat yeriyə, hərəkət edə, qaça və istədiyi hərəkəti edə bilir. Bəs təkamülçülər bu vəziyyəti necə izah edirlər?
Təkamülçülər ikiayaqlılığın meymunların dörd ayaq üzərində yeriməsindən təkamül yolu ilə yarandığını iddia edirlər. Bu, isə gerçəkləşməsi bir çox cəhətlərdən mümkün olmayan bir iddiadır.
İlk öncə deyək ki, insanla meymunlar arasında çox böyük anatomik uçurumlar var. İnsanın və meymunun yerimə formaları bir-birindən kəskin fərqlənir. İnsan iki ayağı üzərində dik vəziyyətdə yeriyir. Bu da yalnız insana xas olan bir yerimə formasıdır. Başqa canlılar isə bir qədər irəliyə doğru əyilmiş skelet formasına malikdirlər və dörd ayaqları üzərində yeriyirlər. Onlar iki ayaqları üzərinə yalnız buna ehtiyac duyduqları zaman qalxırlar ki, bu da onların hərəkət qabiliyyətini çox məhdudlaşdırır.
Burada bir məqama diqqət yetirmək faydalı olardı. Təkamülçülərin bu iddiaları onların elə öz aralarında da ixtilaf yaradır. Çünki təkamülün ümumi məntiqinə görə, həmişə daha yaxşı olana doğru bir yönəliş var. Yəni bir canlının daha yaxşıdan və daha sərfəli olandan imtina edib geriyə qayıtmasının bir mənası yoxdur. Dörd ayaq üzərində yerimək meymunlar üçün olduqca sərfəlidir və bu, onların əslində üstünlüyüdür. Belə hərəkət meymunların daha asan, daha sürətli və daha sərfəli hərəkətini təmin edir. İnsanlarla heyvanların hərəkət qabiliyyətlərini müqayisə edək. Bir insanın ağacdan ağaca tullanması və ya saatda 125 km sürətlə qaçması mümkün deyil. Məsələyə bu baxımdan yanaşanda görünür ki, təkamül nəzəriyyəsi elə öz daxilindəki ixtilaflarla üzbəüz qalıb. Çünki təkamül məntiqinə görə, meymunların iki ayaq üzərində yeriməyə yönəlmələrinin heç bir faydası yoxdur.
İnsanların ikiayaqlı olmasının təkamül iddiasını darmadağın etməsinin başqa bir səbəbi isə darvinizmin «mərhələli» inkişaf modelinə uyğun olmamasıdır. Bu iddiaya görə, dörd ayaq üzərində yeriyən bir canlı bir müddətdən sonra həm dörd, həm də iki ayaq üzərində yeriməyə başlayıb və beləliklə də iki ayaq üzərində yerimə forması ortaya çıxıb. Lakin belə bir ssenarinin baş verməsi mümkün deyil. Paleoantropoloq Robin Krompton bu məsələ ilə bağlı bir tədqiqat aparıb. Onun sonda əldə etdiyi nəticə isə bir canlının ya tam dik vəziyyətdə, ya da tam dörd ayaq üzərində yeriyə biləcəyi həqiqətidir (Ruth Henke, «Aufrecht aus den Baumen», Focus, cild 39, 1996, s.178). Dik və ya dörd ayaq üzərindəki yerimənin arasındakı bir yerimə forması əlavə enerji sərfi tələb etdiyi üçün mümkün deyil.
Aparılan tədqiqatlar nəticəsində sübut edilib ki, dörd ayaq üzərində yeriməyə uyğunlaşan əyilmiş meymun skeletinin təkamül nəticəsində ikiayaqlı yeriməyə uyğunlaşmış düz insan skeletinə çevrilməsi qeyri-mümkündür. Bunlardan əslində yaxşı xəbərdar olan təkamülçülər insanın ortaya çıxmasını bir sirr kimi xarakterizə edir.
Məsələn, təkamülçü paleoantropoloq Elen Morqan insanın təkamülü ilə bağlı izah edə bilmədikləri dörd mühüm sirrin olduğunu belə etiraf edir:
«İnsanlarla (insanın təkamülü ilə) bağlı dörd mühüm sirr bunlardır:
1) Nə üçün iki ayaq üzərində yeriyirlər;
2) Nə üçün bədənlərindəki uzun tüklərini itirdilər?;
3) Nə üçün bu qədər böyük beyin inkişaf etdirdilər?;
4) Nə üçün danışmağı öyrəndilər?
Bu suallara verilən standart cavablar belədir:
1) Hələ bilmirik.
2) Hələ bilmirik.
3) Hələ bilmirik.
4) Hələ bilmirik. Bu sualları artırmaq da olar, lakin cavabların eyniliyi dəyişməyəcək» (Elaine Morqan, «The Scars of Evalution», New York, Oxford University Press, 1944, s.5).
Hiç yorum yok:
Yorum Gönder