Yediyimiz bütün qidaların həzm prosesi nazik bağırsaqda tamamlanır. Lakin həzm prosesindəki son mərhələ həzm maddələrinin orqanizmdəki lazımlı yerlərə paylanması məqsədilə sorulmasıdır. Həzm sistemi hissələrindən ağız və mədədəki sorulma aşağı səviyyədədir. Sorulma tam şəkildə bağırsaqlarda həyata keçir. Nazik bağırsağın quruluşu sorulmaya uyğundur.
Nazik bağırsağın daxili səthi olduqca girintili-çıxıntılı quruluşa malikdir. Bu girinti-çıxıntıların üzərində də mikroskopik nasoslar var. Bu nasoslar sourucu hüceyrələrdir. Məhz bu hüceyrələr orqanizmin ehtiyac duyduğu qidaları tutur və onların bağlı olduğu qan damarlarına vururlar.
Orqanizmimizin nəyə ehtiyacı varsa, həmin kiçik nasoslar bunu bilir. Beyin hüceyrələrində istifadə ediləcək parçalanmış şəkər və ya əzələ hüceyrələrində istifadə ediləcək bir amin turşusu... Bu kiçik nasoslar ehtiyacımız olan qidanı ağıllı şəkildə tapır və tutur. Hal-hazırda siz bu yazıları oxuduğunuz zaman da milyardlarla nasos sizin bu yazını oxuya bilməyiniz üçün ehtiyac duyduğunuz qidaları lazımi yerlərə göndərir.
Bağırsaqların içində olan qıvrımlar və bu qıvrımların üzərindəki mikronasoslar sayəsində nazik bağırsaq olduqca böyük səthə malikdir. Belə ki, yetkin bir insanın bağırsağının malik olduğu sahə təxminən 300 kvadratmetrə çatır. Bu, iki kiçik tennis kortunun ümumi sahəsinə bərabər olan bir sahədir.
Qidaların həzm edilməsi bu geniş sahədə baş verir. Qidalar əvvəlcə parçalanaraq həlməşik halına gəlir. Sonra isə bu həlməşik bağırsağın daxili səthi üzərinə hər bir nöqtəni tutacaq şəkildə və incə təbəqə halında yayılır. Məhz bunun sayəsində hüceyrələr yeməklərin içində olan bütün qidaları asanlıqla sora bilirlər.
Nazik bağırsağın başqa bir xüsusi funksiyası da bəzi maddələri orqanizmin ehtiyac duyduğu qədər sora bilməsidir. Məsələn, əlavə dəmir orqanizm üçün zərərlidir. Dəmir bağırsaqlara müəyyən bir nisbətdən yuxarı həddə çatarsa, heç sorulmadan bağırsaqlardan kənarlaşdırılır. Bunun əksi baş versə, yaşamağı qeyri-mümkün edən çox ağır xəstəliklər meydana gələr.
Bundan başqa, əvvəlki bölümlərdə də qeyd edildiyi kimi, nazik bağırsağın xüsusi bir hissəsində isə yalnız B-12 vitaminini sormaq üçün hazırlanmış hüceyrələrdən təşkil olunan hissələr var. Cərrahiyyə əməliyyatı zamanı bağırsaqlarının bu hissəsi kəsilib çıxarılan insanlar onların müalicə edilmədiyi halda ölməsi labüddür.
Bağırsaqlardakı hüceyrələrin bütün bunları ayırd etməsi üzərində dərindən düşünülməsi lazım gələn, Allahın böyüklüyünün dərk edilməsinə vəsilə olacaq bir mövzudur. Bağırsaqların yerləşdiyi yer insan orqanizmində ən qaranlıq bir nahiyədir. Bu orqanlarımızın beyinləri, maddələri ayırmağa kömək edən zəka və bilikləri yoxdur. Lakin buna baxmayaraq onlar insan üçün nəyin faydalı, nəyin isə zərərli olduğunu müəyyən edə bilir və buna görə lazım olanları alır, lüzumsuz olanları isə orqanizmdən kənarlaşdırırlar.
Bir insanın qarşısına qoyulan kimyəvi maddələri, mədən duzlarını və ya metallik tozları ayırması demək olar ki, qeyri-mümkündür. Bu mövzu ilə bağlı təhsil almamış bir insan dəmiri sinkdən yalnız baxmaqla ayıra bilməz. İnsanın hansı maddənin faydalı, hansının zərərli olduğunu, o zaman orqanizmində hansına nə qədər ehtiyacın olduğunu müəyyən etməsi də mümkün deyil. İnsan bu maddələr arasındakı fərqi müəyyən edə bilmir, lakin həmin insanın bağırsaq hüceyrələri bunu asanlıqla müəyyən edə bilir.
Göründüyü kimi, hansı maddənin nə olduğunu müəyyən edə bilmək üçün təkcə ağıla və şüura malik olmaq kifayət deyil, həmin mövzu ilə bağlı müfəssəl biliyə malik olmaq lazımdır. Bəs bağırsaq hüceyrələri bu biliyə necə malik olublar? Bu hüceyrələr insan orqanizmindəki trilyonlarla hüceyrədə nəyin əskik, nəyin artıq olduğunu necə müəyyən edir və çatışmayan cəhəti necə aradan qaldıracaqlarını haradan bilirlər?
Atomların birləşməsi ilə əmələ gələn hüceyrələrin bir iradəyə sahib olduğunu düşünmək olmaz. Aydındır ki, bu biliklər hüceyrələrə sonradan yerləşdirilib. Həmçinin o da məlumdur ki, bu qədər böyük proseslər təsadüflərlə və ya başqa bir təsirlə baş vermir. Bu hal hüceyrələrə onların malik olduqları şüuru verən üstün bir qüvvənin varlığını göstərir ki, bu qüvvənin sahibi də hər şeyi yaradan və müəyyən nizamda yerləşdirən Uca Allahdır:
«O, göyləri və yeri var edəndir. Allahın neçə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir! O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur, hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!» («Ənam» surəsi, 101-102).
Hiç yorum yok:
Yorum Gönder