Damarların içində insan orqanizmi boyunca çıxdığımız səfərimizə qayıdaq. Yuxarıda üzərində müfəssəl şəkildə dayandığımız venalardakı birtərəfli kiçik qapaqlar sayəsində ürəyə doğru yolumuza davam edək. Səfərə başladıqdan təxminən 40 saniyə sonra yenidən ürəyə geri qayıdacağıq.
Səfərimizin ürəyin sol üst kamerasında başlayan birinci hissəsi ürəyin sağ üst kamerasında bitir. Açıq qırmızı rəng içində səfərə çıxdığımız halda tünd rəngli bir qan dənizi içində səfərimizin ilk hissəsi bitir. Artıq başqa bir səfərə çıxmaq vaxtı gəlib çatıb. Karbondioksid yüklü qan təmizlənməlidir.
Sağ qulaqcığın yığılması ilə birlikdə qulaqcığın altındakı qapaq açılır və içində olduğumuz tünd qırmızı qan sağ mədəciyə dolur. Bundan sonra bu qapaq bağlanır və qanın qulaqcığa doğru geri qayıtmasının qarşısı alınır.
Sağ mədəciyin içində çox qısa müddət qalırıq. Sağ mədəciyin yığılması ilə başqa bir qapaq açılır və qan ağciyərlərə doğru vurulur. Arxamızda qalan qapaq ürəyə geri dönüşümüzün qarşısını alan son təhlükəsizlik sistemidir. Karbondioksid yüklü qanın içində ağciyərlərə doğru sürətlə yola çıxırıq.
Ürəkdən ağciyərlərə doğru olan səfər qısamüddətlidir və buna görə də «kiçik qan dövranı» adlandırılır. Ağciyərə çatdığımız zaman ətrafımızda olan qan hüceyrələri karbondioksidi verib (karbondioksidin daşınmasında da bir çox mürəkkəb kimyəvi proseslər həyata keçir) oksigeni almağa başlayır. Burada gözləri qaraldan, başgicəlləndirici bir sürətlə mübadilə prosesi gedir.
Ağciyərdə hər dəqiqə 56.000.000.000.000.000.000.000, yəni 56x10 üstü 21 (56 septrilyon) oksigen atomu hüceyrələrə çatdırılır. Yalnız bir oksigen atomunun eritrositlərə keçməsi üçün bir çox mikrosistem birlikdə işləyir. Hər bir vahid (fərd) özündən yuxarıdakı vahidə tam uyğunluq göstərir ki, bu da oksigen-karbondioksid mübadiləsinin hətta bir saniyə də olsa qüsursuz işləməsini təmin edir. Başgicəlləndirici bir sürətlə gerçəkləşən bu mübadilə nəticəsində ətrafımızda olan eritrositlər oksigenlə yüklənir. Bundan sonra bu hüceyrələrlə birlikdə ağciyər venaları içində ürəyə doğru yola çıxmağa başlayırıq. Sonda səfərimizə başladığımız yerə - sol qulaqcığa çatırıq. Oksigenlə yüklənmiş təmiz qan orqanizmdə yeni bir səfərə, yeni bir dövrəyə hazırdır.
Hiç yorum yok:
Yorum Gönder